loading...

İlham Əliyev birinci oldu

21-12-2017 Baxış sayı :93
İlham Əliyev birinci oldu"ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ilə bağlı ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində ölkə əhalisinin rəy sorğusu aparılıb.

Bu cür sorğuların mütəmadi olaraq keçirilməsi yerlərdə gedən prosesləri müşahidə etmək, onları qiymətləndirmək və dəyişiklik meyillərini müəyyənləşdirməklə proqnozların verilməsi və təkliflərin yaranmasına imkan verir.

Xeberci.org-un AZƏRTAC-a istinadən verdiyi məlumata görə, dekabrın 20-də "ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri İradə Yaqubova sorğunun nəticələrinə dair mətbuat konfransı keçirib.

Bildirilib ki, sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndiriblər. Rəyi soruşulanların 3,9 faizi vəziyyəti qeyri-sabit qiymətləndirib, 3,3 faizi isə cavab verməkdən imtina edib. Ümumiyyətlə, Azərbaycanın son 5 ildə düzgün, yaxud yanlış istiqamətdə inkişaf etdiyi barədə sorğunu cavablandıran respondentlərin 83,7 faizi inkişaf istiqamətini düzgün, 4,8 faizi yanlış kimi qiymətləndirib.

Rəyi soruşulanlara Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi də təklif olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4 faizi bu siyasəti dəstəklədiyini bildiriblər. "Dövlətimizin başçısının həyata keçirdiyi daxili siyasəti dəstəkləyirsinizmi” sualına respondentlərin 84,7 faizi "bəli” cavabını verib.

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsini respondentlərin 62,9 faizi dəstəkləyib.

Rəyi soruşulanların 67,4 faizi Ordumuzun aprel döyüşlərindəki qələbələrini və "Böyük Qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndinin bərpasını Azərbaycanın həyatında baş verən əhəmiyyətli hadisələr kimi qiymətləndirib. Həmçinin respondentlərin böyük əksəriyyəti Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını, "ASAN Xidmət” mərkəzlərinin uğurlu fəaliyyətini, yeni infrastrukturun yaradılmasını, yeni məktəblərin və uşaq bağçalarının tikilməsini və açılışını, beynəlxalq müsabiqələrin, yarışların, tədbirlərin keçirilməsini, yeni iş yerlərinin açılmasını, bölgələrə gedən yolların bərpasını, rayonların qazlaşdırılmasını, neft müqaviləsinin bağlanmasını, məcburi köçkünlərə, şəhid ailələrinə evlərin verilməsini, abadlaşdırma işlərinin aparılmasını, "Qarabağ” futbol klubunun beynəlxalq arenada tanınmasını, idmançılara diqqətin gücləndirilməsini, pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafını və digər uğurları önəmli hadisə kimi qiymətləndirib. Eyni zamanda, respondentlərin böyük əksəriyyəti turizm infrastrukturunun yaradılmasını, xarici turistlərin ölkəyə axınının çoxalmasını, müxtəlif festivalların keçirilməsini məhz Azərbaycanın iqtisadiyyatının inkişafı, ölkəmizin beynəlxalq arenada tanınması baxımından əhəmiyyətli hadisələr kimi dəyərləndirib.

Sorğuda respondentlərə "Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualı verilib. Respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcəyini qeyd edib.

Sorğu zamanı respondentlərə Azərbaycanda mütəmadi olaraq keçirilən seçkilərdə iştiraklarına dair sual verilib. Rəyi soruşulanların 67,2 faizi seçkilərdə həmişə iştirak etdiyini söyləyib. Respondentlərin 16,9 faizi seçkilərdə bəzən iştirak etdiyini, 12,0 faizi isə heç vaxt iştirak etmədiyini bildirib. Cavabdan imtina edənlərin sayı 3,9 faiz təşkil edib.

Seçki ərəfəsində seçkilər və namizədlər haqqında məlumatı əsasən hansı mənbələrdən aldıqları barədə sualın cavabında respondentlər, ilk növbədə, dövlət televiziyası və radiosunu qeyd ediblər - 78,6 faiz. Növbəti təsiredici mənbə kimi özəl televiziya, radio göstərilib - 49,4 faiz. Rəyi soruşulanlar internet saytlarını (31,3 faiz) və sosial şəbəkələri də (29,7 faiz) seçkilərə dair informasiya mənbəyi qismində qeyd edib.

Qeyd edilib ki, təqdim olunan tədqiqat 2017-ci ilin noyabr-dekabr aylarında ekspress rəy sorğusu şəklində ölkənin 68 rayonunda (Naxçıvan MR ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) keçirilib. Tədqiqat respondentlərlə şəxsi müsahibə yolu ilə (face to face) keçirilən rəy sorğusu formasında aparılıb. Sorğu 18 və yuxarı yaşlı əhalini əhatə edib. Ümumilikdə, sorğu zamanı 4560 respondentin rəyi öyrənilib.

Sorğunun aparılması üçün xüsusi hazırlıq kursu keçmiş qrup yaradılıb. Yaşayış məntəqələrinin seçimi çoxpilləli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsulu ilə aparılıb və rayonların bərabər əhatə olunması təmin edilib. Sorğu ilə əhatə edilmiş yaşayış məntəqələrinin 36,2 faizini şəhərlər, 4,9 faizini qəsəbələr, 58,9 faizini isə kəndlər təşkil edib.

Diqqətə çatdırılıb ki, sorğunun əhatə etdiyi respondentlərin 49,2 faizini kişilər, 50,8 faizini isə qadınlar təşkil edib. Ailə vəziyyətlərinə görə onların 75,9 faizi evli, 17,7 faizi subay, 4,7 faizi dul, 1,7 faizi isə boşananlar olub. Rəyi soruşulanların yarısından çoxu, yəni, 53,7 faizi orta təhsilli olduğunu bildirib. Orta ixtisas təhsillilər 18,3 faiz, ali təhsillilər 17,0 faiz, aspirant və elmi dərəcəsi olanlar isə 0,1 faiz təşkil edib. Respondentlərin 7,9 faizi orta təhsilə malik olmayanlardır. Məşğulluqlarına görə respondentlərin 17,1 faizi dövlət sektorunda, 22,4 faizi özəl sektorda çalışan, 14,8 faizi özünə işləyən, 2,2 faizi tələbə, 11,0 faizi işləməyən təqaüdçü, 8,9 faizi iş axtaran, 23,6 faizi isə evdar qadın olub.

Beləliklə, bu gün Azərbaycan seçicisi Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir və dövlətimizin başçısının fəaliyyətinə böyük ümid bəsləyir.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]