loading...

Suraxanının icra başçısı zavodu zibilxanaya çevirir-FOTO

17-04-2018 Baxış sayı :126

Başqa ölkələrdə icra başçıları zibilxanaları zavoda, Suraxanı icra başçısı isə zavodu zibilxanaya çevirir.

"Yaşadığımız bina yaxınlıqda yerləşən kərpic zavodundan yüksələn toz-dumanın içində itib batır. Hər gün ciyərlərimizə qum, torpaq dolur. Dəfələrlə müxtəlif instansiyalara şikayət etsək də, məsələylə bağlı heç bir tədbir görülmür”.

Yeni Günəşli qəsəbəsinin bir qrup sakini tərəfindən "Hürriyyət”-ə göndərilən şikayət məktubunda belə deyilir.

Məktubda qeyd olunur ki, «Bakı Tikinti Materialları» Açıq Səhmdar Cəmiyyətinə aid olan bu kərpic zavodu heç bir ekoloji standartlara cavab vermədiyi üçün dəfələrlə müvafiq qurumlar tərəfindən yoxlanılıb: "Bizim bildiyimizə görə,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə il bundan əvvəl müəssisəni cərimələyib də. Amma müəssisə rəhbərliyi bundan heç bir nəticə çıxarmayıb. Əksinə, kərpic zavodunun ərazisi getdikcə daha çox təyinatından kənar məqsədlər üçün istifadə edilir və bu, onsuz da yaxşı vəziyyətdə olmayan ekoloji mühiti daha çox korlayır”.

Məktubda bildirildiyinə görə, nazirlik cərimə tətbiq edəndən sonra kərpic zavodunun rəhbəri burda fəaliyyət göstərən daş və qum bazarını başqa əraziyə köçürüb: "Bazarın yerləşdiyi hazırkı sahə «AB» yaşayış sahəsi 157-ci binanın bir neçə metrliyindədir. Küləkli hava şəraitində, eləcə də adi günlərdə evləmizdə rahat otura bilmirik. Daş və qum bazarında, o cümlədən yaxınlıqdakı çınqıl müəssisəsində satılan tikinti materiallarının toz-torpağı evimizə dolur. Vərəm təhlükəsi ilə üz-üzəyik”.

Sakinlər yazırlar ki, müəssisənin rəhbəri  Ramiz Həsənov kərpic zavodunun balansında olan ərazilərindən hazırda zibilxana kimi istifadə edir. Yaxın ərazilərdən müxtəlif tullantılar gətirilib buraya atılır. Nəticədə müəssisənin yerləşdiyi ərazi normadan artıq çirklənir, sakinlərin sağlamlığına ciddi təhlükə yaranır.

İddia edilir ki, müəssisənin rəhbərliyi zavoddakı istehsaldan çox, tullantılardan qazanır: "Hər zibil dolusu maşının bu əraziyə girməsi üçün 5-10 manat xərac alınır. Kimsə müəssisənin təyinatından kənar pul qazanır deyə, biz  ciddi sağlamlıq təhlükəsilə üz-üzə qalırıq”.

Müəssisənin 1952-ci ildə tikildiyini iddia edən sakinlər bu müddət ərzində zovadda heç bir texnoloji yenilənmə aparılmadığını, istehsalın artıq sıradan çıxmış avadanlıqlarla davam etdirildiyini, ekoloji kirliliyin də məhz bu səbəbdən ortaya çıxdığını bildirirlər.

Yeni Günəşli sakinlərinin rahatlığını pozan kərpic zavodunun heç bir ekoloji standartlara cavab verməməsinə baxmayaraq, hələ də toxunulmaz qalması Suraxanı icra başçısı Etibar Yolçuyevin himayəsi ilə əlaqələndirilir. Bildirildiyinə görə, icra başçısının qanadları altında fəaliyyət göstərmək kərpic zavodunun rəhbərliyinə rayon ərazisində tam toxunulmazlıq statusu yaradıb. Doğrudan da, rayonda adi bir it yuvasının tikilməsini belə, nəzarət altında saxlayan icra strukturlarının bu təyinatdan uzaq fəaliyyətə, çox sayda vətəndaşın yaşadığı ərazini zibilxanaya çevrilməsinə laqeydliyini başqa heç nəylə izah etmək olmur. Bəs, görəsən, kərpic zavoduyla icra başçısını nə bağlayır?

Ümidvarıq ki, müvafiq dairələr Yeni Günəşli sakinlərini də xeyli düşündürən bu sualın məntiqli cavabını verərlər. Biz də bir mətbu orqan olaraq, bu cavabı işıqlandırmağa hazırıq.

Şikayətçilər irəli sürdükləri iddiaları təsdiqləmək üçün redaksiyamıza bəzi foto-şəkillər də göndəriblər. Həmin şəkilləri oxuculara təqdim edirik.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]