loading...

Məcburi köçkünə zülm yaşadırlar: Yolunu bağlayıblar, həyətini də su basıb… – Foto

11-06-2018 Baxış sayı :438

Məcburi köçkünə zülm yaşadırlar: Yolunu bağlayıblar, həyətini də su basıb… – FotoHərdən adama elə gəlir ki, insanlar bir-birilərinin taleyinə qarşı biganəliyə daha çox meylli olublar. Cəmiyyətdə insanlıq adına yaraşmayan hallar çoxalıb. Mərhəmətli olmaq, yıxılanı əlindən tutub qaldırmaq, büdrəyənin qoluna girib dayaq olmaq kimi insani keyfiyyətlər azalır sanki. Sosial həmrəylik anlayışı unudulur elə bil.

Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan, ailə başçısı olmayan tək qadın, üç uşaq anası Vəfa Məmmədrəhimovanın da durumu, necə deyərlər, sosial həmrəylik prinsiplərinə uyğun gəlmir. Qarşılaşdığı müşkül vəziyyətdən qurtulmaq üçün gənc ananın ümid yeri də elə cəmiyyətin özüdür. Bu inam sayəsində Sputnik Azərbaycan-a müraciət edərək durumundan şikayətlənib.

Vəfa xanımın övladları
 

Söhbət zamanı məlum oldu ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Vəfa xanım Bərdə şəhər sakini ilə ailə həyatı qurub. Üç uşaqdan sonra həyat yoldaşı onları tərk edib. Vəfa 4 il əvvəl onu tərk etmiş keçmiş həyat yoldaşı barədə, ümumiyyətlə heç nə danışmır. Onun adını belə çəkmir. Uşaqları saxlamağa görə aliment belə tələb eləməyib. Hazırda ayda 60 manata kirayə qalırlar.

Qardaşlarının köməyi ilə evinin divarlarını tikib başa gətirsə də, üstünü örtməyə, heç olmasa bir otağını hazırlayıb içinə yığışmağa imkanı yoxdur. Digər tərəfdən də evinə gedən yol zəbt edilib. Əvvəllər həyətlərinə gələn yol açıq olsa da, yeni qonşusu onlara gələn yolu aldığı həyətə qatıb, gediş-gəliş zolağını tamam bağlayıb.

Vəfa xanımın tikintisi yarımçıq qalmış evi
 

"Çox xahiş eləsək də fikrindən dönmədi. "Şəhid ailəsiyəm, bu yer mənə azlıq edir” – deyərək yolumuzu açmadı. Qonşuluqda bibim yaşayır. Deyir ki, yolu sənə bibingil versin. Onların da üç oğlu var. Həyətyanı torpaq sahəsi bu ailənin tələbatını tam ödəmir. Belə olan halda mən onlardan necə yol tələb edə bilərəm ki. Ona görə də ən yaxşısı əvvəlki qanuni yolun yenidən açılmasıdır”, — deyə gileylənir Vəfa xanım.

Onu da əlavə edir ki, yolunu bağlayan qonşusunu heç tanımır da: "O, burda yaşamır. Hərdən gəlib-gedir. 10-15 gündən bir gəlib evi yoxlayır. Burada yaşamadığına görə onun adını belə bilmirəm”.

Vəfa Məmmədrəhimovanın evinin həyətinə gedən cığır
 

Bu ailənin başqa bir problemi də var. Belə ki, yuxarıda yaşayan qonşuları bağ-bostanlarını suvarandan sonra suyu bağlamadıqlarına görə Məmmədrəhimovagilin həyəti gölə çevrilir. Həyətin tez-tez su ilə dolması isə palçıqdan hörülmüş yarımçıq ev üçün təhlükə yaradır.

V.Məmmədrəhimova qarşılaşdığı problemlərə görə əlaqədar təşkilatlara müraciət etməyib. Əlaqədar təşkilatlara evinin tikintisi üçün müraciət edib, ancaq köməklik edən olmayıb. Qonşusu ilə yaşadığı yol probleminin aradan qaldırılmasında yerli icra hakimiyyəti orqanlarının da əməli bir iş görə biləcəyinə isə inanmır.

Bütün ümidlərini itirmiş Vəfa xanımın problemlərinə aydınlıq gətirmək üçün aidiyyatı qurumlarla əlaqə saxladıq. Bərdə Rayon İcra Hakimiyyətinin Alaçadırlı kənd üzrə nümayəndəsinin müavini Ədalət Əhmədov bildirdi ki, Vəfa Məmmədrəhimovanın məskunlaşdığı torpaq Meşəçilik İnstitutunun ərazisi olduğuna görə problemin həlli istiqamətində hər hansı bir iş görməyə onların səlahiyyəti çatmır.

Ərazidə yaşayan köçkünləri əlaqədar təşkilatları təmsil edən və könüllülük əsasında nümayəndə statusu daşıyan Rövşən İsgəndərov ailənin üzləşdiyi problemlərdən xəbərdar olduğunu bildirdi. Məsələ barədə Bərdə Su Kanal İdarəsini məlumatlandıracağını, belə halın təkrarlanmayacağına bizi əmin etdi. Onu da qeyd etdi ki, ailənin məskunlaşdığı ərazi Meşəçilik İnstitutuna məxsus olduğuna görə, nə vaxtsa onlar mənzillə təmin olunacaq, buradan köçürüləcəklər.

Ancaq o gün gələnə qədər Vəfa Məmmədrəhimova gözləməlidir…


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]