loading...

Gələn il 124 gün istirahət edəcəyik - Rəsmi qərar

21-12-2017 Baxış sayı :100
Gələn il 124 gün istirahət edəcəyik - Rəsmi qərarƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr  tarixli 18 nömrəli qərarı qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. 

Xeberci.org xəbər verir ki, ilin iş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin  "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına  əsasən 2018-ci ildə  1, 2 yanvar  - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq hüzn günü,  8  Mart– Qadınlar günü, 20, 21, 22,  23, 24 mart –Novruz bayramı,  9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü,  15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş  günü,  15,16 iyun - Ramazan  bayramı,  26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü,  22, 23 avqust - Qurban bayramı,  9  Noyabr - Azərbaycan Respublikasının  Dövlət Bayrağı günü və  31 Dekabr - Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü iş günü hesab edilmir. 

Həmçinin 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan xalqının Milli Qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18,19 iyun tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun  tarixləri  istirahət günləridir. 2018-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidentinin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. 2018-ci ilin İş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan Respublikası Prezidentinin seçki günü kimi nəzərə alınır. 

Sənəddə həmçinin qeyd olunur ki, 2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı, 1-i səsvermə qabağı iş günləridir), iş günü hesab edilməyən 108 istirahət günü (onlardan 3-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşməsinə görə verilən istirahət günü), iş günü hesab edilməyən 17 bayram (2-i istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə və 1 Ümumxalq hüzn günü vardır (241+108+17+1+1-3 = 365).