loading...

Pullarını "yastıq altında" saxlayanlara xəbərdarlıq

07-08-2018 Baxış sayı :1 177
Azərbaycanda bankların əhaliyə nağd dollar satışının azalması 2017-ci il fevral ayından bəri manatın məzənnəsinin sabitləşməsi və dollarda olan depozitlərin sayının aşağı düşməsi ilə əlaqədardır.

Xeberci.org xəbər verir ki, bunu Sonxeber.az-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Aparıcı banklar aşağı faiz verirlər

Onun sözlərinə görə, bir tərəfdən dolların məzənnəsi son il yarım ərzində dəyişmir, digər tərəfdən kommersiya bankları tərəfindən dollarda olan əmanətlərə görə verilən divident faizi olduqca aşağıdır. Aparıcı banklar dollarda olan əmanətərə görə bəzi hallarda 1 faiz belə divident vermirlər. Manatla olan əmanətlərdə isə divident faizi yüksəkdir. Bu, 8-10 faiz arasında dəyişir".

Pullarını "yastıq altında" saxlayanlar çoxdur

Ekspert nəticədə vətəndaşların bir qisminin vəsaitlərini banklarda manatla saxlamağa üstünlük verdiyini vurğulayıb. V. Bayramovun sözlərinə görə, təbii ki, vəsaitlərin nağd şəkildə evdə "yastıq altında" saxlanması halları daha çoxdur: "Bu, insanların banklara olan inamının aşağı səviyyədə olması ilə bağlıdır. Lakin "yastıq altında" saxlanılan vəsait bir tərəfdən gəlir gətirmir, passiv formada saxlanılır. Digər tərəfdən çox təəssüf ki, bəzi hallarda həmin vəsaitlərin oğurlanması faktları qeydə alınır. Bu baxımdan dollarların "yastıq altında" saxlanılmasının müəyyən riskləri var".

İnsanlar banklara inanmırlar

O diqqətə çatdırıb ki, vətəndaşların öz pullarını evdə saxlaması birbaşa banklara olan inamın, xüsusilə 2016 və 2017-ci illərdə 12 bankın müflis olmasından sonra azalması ilə bağlıdır: "Düşünürəm ki, bu məsələdə vətəndaşlarla yanaşı, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən addımlar atmasına ehtiyac var. Birinci növbədə, insanların banklara olan inamının artırılması olduqca vacibdir. Banklara olan inamın artırılması fonunda xüsusən də öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkən bankların sağlamlaşdırılması prosesinin başladılmasına ehtiyac var. Əgər banklara olan inamı formalaşdırmaq mümkün olsa, vətəndaş vəsaitini evdə deyil, bankda saxlamağa üstünlük verəcək".

Bankı necə seçək?

V. Bayramov hesab edir ki, indiki halda vətəndaşların öz pullarını "yastıq altında" saxlaması onlar üçün gəlir gətirmir: "Vətəndaş pulunu bankda saxlamaq istəyirsə, bu zaman pulunu sığortalanmış və qorunan əmanət formasında bankda yerləşdirməsi daha məqsədə uyğundur. Çünki qorunan əmanətlər bank müflis olduğu zaman vətəndaşın özünə qaytarılır, bu, çox vacibdir. Vətəndaş da bankları seçərkən diqqətli olmalı və müəyyən qədər də yumşaq desək araşdırma aparmasına ehtiyac var. Maliyyə hesabatları dərc etməyən banklarda depozitlərin saxlanılması arzuolunan deyil. Maliyyə hesabatlarını dərc edən bankların zərər və gəlirlərinin müqayisə edilməsinə ehtiyac var".

"Yastıq altındakı" pullarınızı sərmayəyə çevirin

İqtisadçı ekspert diqqətə çatdırıb ki, vətəndaşın özü də vəsaitini investisiya şəklində qoya bilər: "İnvestisiya qoyulması daha məqsədəuyğundur. Vətəndaşın sahibkarlıq fəaliyyəti ilə məşğul niyyəti yoxdursa və öz vəsaitini banklarda yerləşdirmək istəmirsə, o halda vəsaitini daşınmaz əmlaka yönəldib həmin əmlakdan kirayə formasında gəlir əldə edə bilər. Bütün hallarda, istər banklara yerləşdirilsin, istərsə də sərmayə şəklində qoyulsun vəsaitin vətəndaşa gəlir gətirməsi çox vacibdir. Sahibkarlıq fəaliyyəti ilə məşğil olmaq istəyən vətəndaşlar üçün indiki halda xüsusən də xidmət və turizm sektorunda sərmayə imkanları genişdir. Evində vəsaitləri olan insanların bu sahələrə sərmayə yönəltməsi məqsədəuyğundur".

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin iyun ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 19,074 mln. ABŞ dollarının xalis satışını həyata keçirib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.

Məlumata görə, ardıcıl dördüncü aydır ki, banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. İyun ayında banklar tərəfindən əhaliyə 167,597 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 148,523 mln. dollar alınıb.

May ayı ilə müqayisədə nağd dollar satışında əvvəlki ayla müqayisədə 10%, alışında isə 7,4% azalma qeydə alınıb. Beləliklə, bankların əhaliyə xalis nağd dollar satışında 29,6% azalma qeydə alınıb.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]