loading...

Azərbaycan telekanalında yayımlanan kadrlar Türkiyədə hiddətə səbəb olub

05-07-2018 Baxış sayı :972

Azad Azərbaycan Televiziyasının (ATV) efirində yayımlanan "Oralar” verilişinin ilk buraxılışında Osmanlı tarixi ilə bağlı yol verilən yanlışlıq ciddi narazılığa səbəb olub. Belə ki, verilişin əsas aparıcısı Azər Qərib ilk səfərini Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə edib. Zaqrebin tarixi abidələri haqqında məlumat verərkən şəhərin mərkəzində yerləşən Lotur Şərq Qülləsinin tarixindən də söhbət açıb (ümumi verilişin 19:28 — 19:52 dəqiqələri).

Bu zaman bildirib ki, Osmanlı hökmdarı Sultan Süleyman Qanuni Zaqrebi fəth etməyə gələrkən qoşunları bu qüllənin yanından keçib. Bu zaman qüllənin başından top açılıb və Sultan Süleymanın yemək yediyi masanın üzərinə düşüb. Osmanlı hökmdarı da bundan qorxub və öz qoşunlarını götürərək şəhəri tərk edib.

Məhz belə bir faktın Osmanlı tarixində olmaması, aparıcının səhv təqdimatı Türkiyədə də ciddi narazılıq yaradıb. Onlar qardaş ölkənin televiziya izləyicilərinə belə yanlış məlumatın çatdırılmasından təəssüf hissi keçirdiklərini vurğulayıblar.

Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT nümayəndələri, həmçinin Osmanlı dönəminin araşdırmaçıları da məsələdən xəbər tutublar. Onlar yol verilən kobud səhvlə bağlı verilişin bağlanması üçün imza toplama kampaniyasını həyata keçirməyə başlayıblar. Eyni zamanda, məsələ ilə bağlı şikayət məktubu hazırlayaraq ATV rəhbərliyinə, verilişin sponsoru olan "Baku Media Center”ə göndəriblər.

Orta əsrlər Osmanlı tarixinin tədqiqatçısı, türkiyəli araşdırmaçı Əkbər Nəcəf Sputnik Azərbaycan-a açıqlamasında aparıcının yol verdiyi yanlışlığa tarixi faktlarla cavab verib. O bildirib ki, sözügedən verilişdə səsləndirilmiş məlumat tamamilə uydurmadır: "Heç bir tarixi və elmi əsası olmayan bu fikir nəinki doğrudur, ümumiyyətlə məlumatda yer alan fikirlər belə, elmi obyektivliyə tamamilə ziddir. Birincisi, verilişin aparıcısı bilməlidir ki, Sultan Süleyman daxil olmaqla, Osmanlılarda yeməklər masada yeyilmirdi. Ümumiyyətlə, yemək məqsədi ilə Osmanlı sarayında masa mədəniyyəti Qanuni Sultan Süleymandan çox sonrakı dövrlərdə baş verib”.

"İkincisi, heç bir hökmdar özünün ordugahını və xüsusilə də padşah çadırını düşmən ordularının atış mənzili içində qurmurdu. Ordugah və padşah çadırının yerinin seçilməsi ciddi hərbi və strateji hadisə olub, hələ hərbi səfərlər başlamadan əvvəl aparılan geniş hazırlıq planları nəticəsində müəyyənləşdirilirdi. Üçüncüsü, həmin dövrlərdə müharibələrdə istifadə edilən toplar partlayıcı xüsusiyyətləri daşımırdı, dağıdıcı funksiyasını icra edirdi. Əgər verilişdə iddia edildiyi kimi padşahın masasına bir top qülləsi düşübsə, o zaman həmin topun düşdüyü yerdə 3-4 metrlik çuxur meydana gətirməsi və ətrafındakıları parçalayıb dağıtması lazım idi. Belə bir hadisə baş versəydi, o zamanı Sultan Süleymanın xilas olması ancaq möcüzə ola bilərdi” – tədqiqatçı vurğulayıb.

Ə.Nəcəfli onu da əlavə edib ki, verilişin aparıcısının iddia etdiyi tərzdə "həmin tarixdən bu günə qədər bu hadisənin şərəfinə qaladan gündə bir dəfə top atışının” edilməsi fikri də həqiqətdən uzaqdır: "Bilinməlidir ki, həmin dövrlərdə toplardan ancaq hərbi məqsədlərlə istifadə edilirdi. XVIII əsrin sonlarına qədər toplar bir dəfədən artıq istifadəyə yaramırdı. Çünki, bürünc və dəmirdən tökülən toplar çox vaxt parçalanıb sıradan çıxırdı”.

"Mənzili uzun olan toplardan isə qorxutmaq məqsədi ilə sadəcə bir və ya iki dəfə atəş edilirdi. Bu da bir silah kimi topların hələ o dövrdə təkmilləşmədiyini deməyə əsas verir. Əgər bu hadisənin şərəfinə hər gün Zaqreb qalasında top atışı edilsəydi, bunun üçün həmin tarixdə zaqreblilərin ildə yüzlərlə top istehsal etməsinə ehtiyac yaranardı ki, bu da qeyri-mümkündür. Qısaca, səsləndirilən fikirlər mahiyyətcə heç bir reallığa və həqiqətə uyğun gəlmir” – o deyib.

Tarixçinin bildirdiyinə görə, ümumiyyətlə, Osmanlı tarixində Sultan Süleyman Qanuninin Zaqrebə heç bir hərbi səfəri olmayıb: "Osmanlılar, sadəcə, Zaqrebin 50 km uzaqlığında yerləşən Sisak qalasına qədər hərəkət edərək həmin qalanı ələ keçiriblər. Yəni Osmanlıların indiki Xorvatiya ərazisindəki hakimiyyət sahəsi Sloveniya, Dalmaçiya və Krajina bölgələrini əhatə edib. Zaqreb isə alınan həmin ərazilərin kənarında qalıb. Üstəlik, həmin torpaqlar da, əsasən Sultan Süleymanın vəfatından sonra Telli Həsən Paşanın rəhbərliyindəki Osmanlı ordusu tərəfindən 1593-cü ildə fəth edilib”.

Müsahibimiz məlumat üçün onu da qeyd edib ki, Sultan Süleymanın hərbi səfərləri əsnasında "topla bağlı bir hadisə” Osmanlıların Sigetvar fəthində meydana gəlib: "Bu hadisənin də iddia edildiyi kimi Sultan Süleymanın çadırı və onun "yemək masası” ilə heç bir əlaqəsi olmayıb. Belə ki, Sigetvar Sultan Süleymanın son hərbi səfəri olub. Bu səfər zamanı Sultan Süleyman atından enib çadırına girdiyi sırada uzunmənzilli bir topdan açılan atəş Osmanlı əsgərlərinin üstünə düşüb və bir neçə yeniçərinin ölməsinə səbəb olub. Buna baxmayaraq, Sigetvar qalası Osmanlı ordusu tərəfindən ələ keçirilib”.

Tədqiqatçı deyib ki, KİV-lərdə bu və buna oxşar mahiyyətlərdə verilən məlumatları mütləq tarixi hadisələrlə təsdiq etmək son dərəcə vacibdir: "Əks halda, yalan və həqiqətdən uzaq iddiaların ortaya çıxmasına səbəb olur. Şübhəsiz, tarixdəki bütün hökmdarların tarixi kimliyi və fəaliyyətləri bütün tərəfləri ilə təhlil, tənqid edilə bilər. Bu, tarix elminin reallığıdır. Ancaq tarixdə olmayan, heç bir reallığı əks etdirməyən məlumatları tarixi şəxsiyyətlərin adına calamaq və bunu tarixi məlumat kimi dilə gətirmək elmi əxlaqdan uzaqlaşmaq mənasına gəlir”.

Minval.info


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]