loading...

“Həmin gün güclü qar yağmışdı, Heydər Əliyevi gətirən maşın...”

08-05-2018 Baxış sayı :859
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı "Azərbaycan” qəzetinə müsahibə verib.

Xeberci.org-un verdiyi xəbərə görə, müsahibəsində bir çox mövzularda Heydər Əliyevlə bağlı xatirələrini və fikirlərini bölüşən nazir onunla ilk və son görüşünü də xatırlayıb: "Ümummilli liderimizlə ilk canlı təmasım da məhz Dağlıq Qarabağda olub. 1982-ci ilin yanvar ayında Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gəlmişdi. Mən o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdım və tədbirdə ictimai təhlükəsizliyin qorunmasına bilavasitə rəhbərlik edirdim. Qeyd edim ki, Dağlıq Qarabağda erməni şovinizmini susduran Heydər Əliyevə vətəndaşlarımızın ehtiramı, rəğbəti o qədər güclü idi ki, bu görüşə kütləvi axın vardı. Yeri gəlmişkən, sadə erməni əhalisi də ayrı-ayrı görüşlərdə vilayətdə erməni milliyyətçiliyini qızışdıranlara qarşı qətiyyətli mövqeyinə, bütövlükdə Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına göstərdiyi daimi diqqət və qayğıya görə cənab Heydər Əliyevə minnətdarlıqlarını bildirirdilər. 

Yaxşı xatirimdədir, həmin gün güclü qar yağmışdı. Heydər Əliyevi gətirən maşın Şuşanın girəcəyində, hərbi komissarlığın qarşısından qalxa bilmədi. Mən hüquq mühafizə orqanlarının bir qrup əməkdaşı və ətrafdakı cavanlarla köməkləşib maşını əllərimizdə yoxuşu qaldırıb düz yerdə qoyduq. Bununla, bir növ, qarabağlı gənclər qətiyyəti ilə erməni millətçilərinə sipər olan ölkə rəhbərinə öz ehtiramlarını bildirirdilər. Həmin tədbirdə Heydər Əliyevlə ünsiyyətimiz də oldu. Mən artıq Heydər Əliyev böyüklüyünü daha dərindən dərk edir, konkret faktların timsalında bu dahi şəxsiyyətin öz vətəninə, xalqına necə bağlı olduğunu görürdüm”. 

Usubov Əliyevlə son görüşünün 2003-cü ilin 8 iyulunda keçirilən Təhlükəsizlik Şurasının iclasında baş tutduğunu bildirib: "Müalicə üçün Türkiyəyə gedəcək prezident bizə məsləhətlərini, göstərişlərini verdi. O, Azərbaycan dövlətini, müstəqilliyimizi göz bəbəyi kimi qorumağı, xalq qarşısında daşıdığımız məsuliyyətə, öhdəliyə sadiq olmağı, vətəndaşlarımızın qeydinə qalınmasını, ən nəhayət, Heydər Əliyev komandasının hər bir üzvünün bundan sonra da daim dövlətçilik mövqeyində, bir cəbhədə, monolit siyasi platformada olmasını tövsiyə etdi. Həmin anda da onun daxili əzəməti, qətiyyəti, müdrikliyi, yenə də öz sağlamlığını yox, məhz həyatından çox sevdiyi xalqını düşünmək hissi, hətta yumor duyumu belə əvvəlki kimi güclü idi. 2003-cü il aprelin 21-də Respublika sarayında keçirilən tədbirdə çıxış edərkən aldığı xəsarətdən yaranan ağrılara baxmayaraq, yenə də tribunaya qayıdıb, öz yenilməzliyini, qətiyyətli, dönməz sərkərdə qüdrətini bütün dünyaya nümayiş etdirən Heydər Əliyev mənim nəzərimdə daim zirvələrdə olan və bu yüksəklikdən heç zaman enməyəcək dahi insan obrazını qətiləşdirdi”.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]