loading...

Ermənistan özünə qəsd yolunda - Azərbaycanla anlaşma olmasa...

13-01-2018 Baxış sayı :94

Qarabağ konflikti işğalçı ölkəyə bu il daha böyük fəsadlar vəd edir; tanınmış rusiyalı telejurnalist: "Ermənistanın tək çıxış yolu işğal etdiyi Azərbaycan ərazilərindən çıxmaqdır”Ermənistan özünə qəsd yolunda - Azərbaycanla anlaşma olmasa...

Rusiyalı tanınmış politoloq, prezidentin Putinə yaxın şəxslərdən sayılan Sergey Markov Dağlıq Qarabağ problemi ilə bağlı pessimist proqnoz verib. Xəbər verildiyi kimi, politoloq bildirib ki, bu il Rusiya Dağlıq Qarabağ probleminin hayında olmayacaq və başı daha çox Qərbdən gələn hücumları dəf eləməyə qarışacaq.

Markov həmçinin bildirib ki, 2018-da Qarabağ danışıqları 2017-ci ilin formatından fərqlənməyəcək. Yəni belə çıxır ki, onsuz da konfliktin həllinə xüsusi maraq göstərməyən Rusiya üçün problem 2018-ci ildə bir az da arxa plana keçəcək.

Belə vəziyyətdə Azərbaycanın məqbul şərtlər yetişənə kimi öz hərbi qüdrətini artırmaqdan savayı yolu qalmır. Bu xüsusda Azərbaycan prezidenti İlham Əliyevin ilin yekunlarına dair toplantıda söylədiyi "Azərbaycan yeni silahlar almaqda davam edəcək” sözləri diqqət çəkməklə yanaşı, konfliktin həllini uzadan işğalçı Ermənistana və onun havadarlarına özünəməxsus mesajdır.

*****

Həlli uzanan Dağlıq Qarabağ ixtilafı ilə bağlı digər rusiyalı politoloqun da fikirləri var.

"İrəvan Dağlıq Qarabağ konflikti hesabına öz qərbli sponsorlarından və diaspordan pullar qopardaraq özünə siyasi və iqtisadi dəstək təmin edə bilər - sanki Dağlıq Qarabağı erməni işində forpost kimi gözə soxaraq. Ancaq bu zaman Azərbaycan-erməni əlaqələrinin qırılması, enerji resurslarının Ermənistan ərazisindən nəqlinin dayanması və Xəzəryanı zonadan ermənilərin yox olması - erməni xalqının faciəsidir”.

"Yeni Müsavat” xəbər verir ki, bu barədə "Vestnik Kavkaz” portalına açıqlamasında tanınmış rusiyalı telejurnalist və politoloq, Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyəti İnkişafı Şurasının və "İzbor” klubunun Maksim Şevçenko deyib. Politoloq daha sonra ermənilərin vaxtilə Bakıda, Sumqayıtda, digər Azərbaycan şəhərlərində yüz illərlə zəngin və varlı yaşadıqlarını yada salaraq deyib: "Ermənilər keçmiş İran imperiyasının tərkibində çox mühüm ticarət funksiyasını yerinə yetirirdilər, orada bütün hüquqlara malik idilər. Min ildə ilk dəfə olaraq ermənilər bu xəzəryanı ərazini Qarabağ münaqişəsinin gedişində itirdilər. Dəqiqdir ki, onlar üçün bu, əsla yaxşı sonuc olmayıb”.

Bəs Ermənistan hakimiyyəti Dağlıq Qarabağ konflikti nizamlanmadan ölkədə sosial-iqtisadi situasiyanı düzəldə bilərmi?

Rusiyalı telejurnalist belə variantları istisna edir: "Belə variantlar yoxdur. Azərbaycanla davam edən müharibə və sərhədlərin blokadası şəraitində bu cür perspektiv mümkün deyil. Çıxış yolu yalnız birdir - erməni silahlı qüvvələrin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanla normal iqtisadi əlaqələrin bərpa edilməsi, qarşılıqlı şəkildə qaçqınların qayıtması və birbaşa Dağlıq Qarabağın statusunun müzakirəsi. Qaçqınların qayıdışından, Türkiyə-Ermənistan sərhədinin açılmasından və normal, qədim ticari əlaqələrin bərpasından sonra - hansı əlaqələr ki, həmişə Qafqazdan keçib, - o zaman Ermənistan öz daxili vəziyyətini qaydaya sala bilər”.

Politoloq mövcud durumda Azərbaycan-Rusiya əlaqələrini də xarakterizə edib. "Azərbaycan Rusiyanın etibarlı və yaxşı tərəfdaşıdır. O, bizə yad ölkə deyil. Azərbaycanla bizim Dağıstanda böyük sərhədimiz var. Bu sərhəd vasitəsilə böyük ikitərəfli ticarət və İranla tranzit həyata keçirilir. Biz Ermənistanın iştirak eləmədiyi Xəzəryanı əməkdaşlığı inkişaf etdiririk. Azərbaycan isə burada həlledici və böyük rola malikdir. Və Ermənistan nə qədər inad edirsə, bir o qədər o, Rusiya üçün geosiyasi əhəmiyyətini itirir. Rusiya Gürcüstan və Azərbaycanla anlaşsa, o zaman görəsən Ermənistan nə edəcək?”, - deyə o ritorik sual edib.

*****

Bu xüsusda həlli uzanan Qarabağ konflikti blokada şəraitində olan və dünya okeanına çıxışı olmayan işğalçı ölkə üçün 2018-ci ildə daha böyük fəsadlar deməkdir. İrəvan isə rasional həll yolu tutmaqdansa, əfsuslar olsun ki, siyasi özünə qəsd (suisid) yolunu davam etdirir. Bu da öz növbəsində Ermənistana daha ağır iqtisadi durumla yanaşı, erməni ailələrinə yeni əsgər tabutları vəd edir.

Doğrudur, Rusiyanın Ermənistana təsir imkanları ciddidir. Ancaq heç bir qüvvə İrəvanın Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmağa və Bakı ilə birbaşa dil tapmağa başlamasına əngəl ola bilməz. Artıq vurğulandığı kimi, tək çıxış yolu işğaldakı ərazilərin azad edilməsidir. Bu, baş verməyincə Azərbaycan ərazisindəki işğalçı qüvvələr daim özlərini səksəkə və vahimə içində hiss edəcək.    

"Azərbaycanın işğal olunan ərazilərində xidmət edən Ermənistan ordusunun əsgərləri ciddi psixoloji gərginlik içərisindədirlər. Çünki onlar bilirlər ki, işğal olunmuş ərazilərimizdə xidmət edirlər”. "Yeni Müsavat”ın məlumatına görə, bunu AzərTAc-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, bu gün ciddi sosial problemlərin  yaşandığı Ermənistanda kütləvi iğtişaşların ardı-arası kəsilmir. "Ermənistan cəmiyyətini, ailələrini, analarını narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Onlar övladlarının Qarabağa göndərilməsini istəmirlər. Ermənistan cəmiyyəti ölkə rəhbərliyindən tələb edir ki, bizim gənclər Qarabağda yox, Ermənistanda xidmət etsinlər, öz torpaqlarını qorusunlar. Qonşu dövlətin işğal olunmuş ərazisində xidmət etməsinlər”, - deyə o qeyd edib.

"Ermənistan ictimaiyyətinin narahatlığı, narazılığı orduda, təmas xəttindəki bölmələrdə də əks-sədasını tapır. Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında itkilərə səbəb olur. Bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədən kənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artır. Bunlar hamısı onu göstərir ki, Azərbaycan Ordusu mənəvi-psixoloji cəhətdən də düşməndən qat-qat güclüdür. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin mənəvi-psixoloji durumu çox güclü və yüksəkdir” - polkovnik Şair Ramaldanov vurğulayıb.

*****

Döyüş təcrübəsi isə göstərir ki, müharibə zamanı əsgərin psixoloji durumu qələbə üçün həlledici önəm kəsb edən faktorlardandır.